12-14 mart 2018-ci il, saat 19.00

BU TƏDBİR ÜÇÜN BÜTÜN BİLETLƏR SATILIB

Heydər Əliyev Mərkəzində “Dəb ikonası” adlı seminar keçiriləcək

Heydər Əliyev Mərkəzində Rusiyanın dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı seminar keçiriləcək.

12,13,14 mart tarixlərində keçiriləcək seminar üç mühazirədən ibarət olacaq. Mühazirələr 2 hissəlidir və ümumilikdə 2 saat müddətində davam edəcək.

Seminarda iştirak ödənişlidir. Bir mühazirənin biletinin qiyməti 15 AZN, ümumilikdə üç günün bileti isə 30 AZN-dır.

Seminar hazırda Mərkəzdə nümayiş olunan “Modernizm və Moda” sərgisi çərçivəsində təşkil olunur. Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb.

Müasir dəbin müxtəlif sahələrindən baş çıxara bilmək üçün düzgün istiqamətləndiricilərə – qüsursuz zövqü ilə həmişə heyranlıq hissi yaradan, hər kəsi öz obrazını tapmağa ilhamlandıran şəxslərə ehtiyac var. “Dəb ikonası” seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır.

Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və Moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcək.

12 mart 2018-ci il, saat 19.00

“Yüksək dəb ikonaları”

Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman moda olimpinin zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək.

XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrin həyata keçirilməsinə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər.

13 mart 2018-ci il, saat 19.00

“Kino və moda: kino ulduzlarının tərzi”

Mühazirə çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi böyük aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq.

Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəcisi, yayıcısı olub. Ona görə də kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.

14 mart 2018-ci il, saat 19.00

“Müasir dəbdə 1960-cı illər ənənəsi”

Mühazirədə 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri və müasir modelyerlərin istifadə etdikləri keçmiş üslub tapıntıları haqda məlumat veriləcək.

1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran və gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm və incəlik var idi.

Mühazirəçi haqqında:

Natalya Tolkunova jurnalist və tərcüməçidir, Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün “Moda jurnallarının tarixi”, “Kino və moda”, “Dəb ikonaları” mövzularında mühazirələr oxuyur. “Doroqoy” və “Sur la Terre” jurnallarında redaktor vəzifəsində çalışıb. “50-ci illər: kuturyelərin sonuncu istehkamı” adlı kitabın müəllifidir.